Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.
Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.
Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.